
Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Könül Cəfərova tərəfindən Zəfər Gününün 5 illiyi münasibəti ilə şagirdlərlə birlikdə II Fəxri Xiyabana maarifləndirici ziyarət təşkil olunmuşdur. Ziyarətin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək, milli-mənəvi dəyərlərə hörmət hissi aşılamaq, qəhrəman şəhidlərimizin Vətənimizin azadlığı və suverenliyi uğrunda göstərdikləri igidliklər barədə onlarda dərin təsəvvür formalaşdırmaq olmuşdur.
Tədbir zamanı şagirdlər şəhidlərin məzarlarını ziyarət etmiş, qərənfillər qoymuş və onların həyat və döyüş yolları haqqında müəllimləri tərəfindən məlumatlandırılmışlar. Şagirdlər həmçinin Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm qələbədən söhbət açmışlar.
Müəllim Könül Cəfərovanın düzgün və məqsədyönlü pedaqoji mövqeyi sayəsində bu tədbir yalnız ziyarət xarakteri daşımamış, həm də təlim-tərbiyə prosesinin mühüm bir tərkib hissəsinə çevrilmişdir. Onun təşəbbüsü ilə keçirilən bu fəaliyyət şagirdlərdə vətənə sevgi, dövlət rəmzlərinə hörmət, milli kimliyə sadiqlik kimi mənəvi dəyərlərin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.