Özünüzü 1 cümlə ilə təqdim edin. Siz kimsiniz?
– Təbiət qorumaq üçün müxtəlif addımlar atan ekoloq, gənclərin karyera inkişafına dəstək olan karyera mütəxəssisi və ya olduğum komandanın inkişafı yolunda kiçik addımlarla daim ilərləməyi sevən mentor.
Sizi uğurlu edən keyfiyyətiniz hansıdır? Bu keyfiyyətinizlə hansı uğura imza atmısınız?
– İşin sonuna qədər getmək, araşdırmaq və mükəmməl nəticədən zövq almaq. Uğurlarımdan isə, məzun olduğum universitetimdə işə başlamağı, Ecoreview Ekoloqlar Klubunun təsisçisi, Erasmus+KA2 GEOCLIC layihəsinin GEOCOF bölməsi koordinatorluğu, Azərbaycan Maarifçilər Assosiasiyasının “Təhsil Səfiri” və s. misalları çəkə bilərəm.
Sizin ilk dərs günü ilə indi keçdiyiniz dərs arasındakı əsas fərq nədir? Bu illər ərzində hansı bacarıqlarınızı inkişaf edib?
– Əvvəl özümdə özgüvən azlığı yaşayırdım. Daha sonra, üzərimdə çalışmağa başladım. İndi isə sərbəst şəkildə auditoriyanı əla almağı bacarıram, həm də, İT bacarıqlarımdan istifadə edərək dərsləri daha interaktiv təşkil edirəm. Hazırda müəllim kimi fəaliyyətim olmasa da, magistr təhsilimi bitirdikdən sonra müəllimlik hədəfimi həyata keçirəcəm.
Sizə görə müasir müəllimin bilməli olduğu 3 əsas bacarıq hansıdır?
– Hər bir pedaqoqun bilməli olduğu çox bacarıqları sadalamaq olar. Yumşaq bacarıqlar günün tələb olunan bacarıqlarıdır. İstər müəllim, istər mühəndis, istərsə də həkim bugün yumşaq bacarıqlara sahib olmalıdır. Empatik davranışları ilə nümunə olmalıdır. Komanda ilə işləmə bacarığına malik müasir müəllim nəinki, sinfi idarə etməli hətta valideynlərlə işləmək bacarığı mükəmməlləşdirməlidir.
Sizin pedaqoji fəaliyyətinizdə tətbiq etdiyiniz fərqli metod hansıdır?
– Yuxarıda qeyd etdiyim kimi, hazırda pedaqoji fəaliyyətim yoxdur. Ancaq, sözügedən fəaliyyətimi reallaşdıranda çalışacam dərslərdə panel müzakirələrə yer verərək dərsləri daha interaktiv şəkildə təşkil edim.
“Təhsil Səfiri” olaraq bügünkü təhsilimizdə nələri dəyişmək istərdiniz?
– Nəzəriyyə ilə praktikanı paralel aparardım. Bugün gənclik daha sürətlə inkişaf edir. Onlara cavab vermək üçün daha çox çalışmaq, daha çox oxumaq, daha çox bilgilənmək lazımdır. Odur ki, dərslərdə nəzəri hissə mühüm olsa da nəzəriyyəni praktikaya yönəltmək daha vacibdir. Bugün şagird və ya tələbə dərsdə yorulmamalıdır. Onların dərsə marağını artıqmaq üçün əlimizdən gələni etməliyik.
“Təhsil Səfiri” olaraq ölkə təhsilinə hansı töhvələri verməyi düşünürsünüz?
– AMA-nı daha geniş auditoriyada təbliğ etmək, AMA ailəsinin tərkibini genişləndirmək, birgə fəaliyyətlərin sayını artırmaq.
Nəyi yaxşı bacarırsınız?
– Araşdırmağı, aktiv dinləməyi, problemi həll etməyi, situasiyanı idarə etməyi.
Ömrünüzün sonuna qədər həyata keçirmək istədiyiniz 3 əsas hədəfiniz nədir?
– İnkişaf etmək, Xaricdə Azərbaycanımızın şanına layiq fəaliyyət qurmaq, uğurlu ailə sahibi olmaq.
Sizin həyat deviziniz:
– Ömürboyu təhsil.