Özünüzü 1 cümlə ilə təqdim edin. Siz kimsiniz?
– Nəbiyeva Afaq Əlixas qızı. Bakı şəhəri Sabunçu rayonu Elxan Misirxanov adına 71 saylı tam orta məktəbinin fizika müəllimiyəm. 23 ildir ki, eyni məktəbdə fizika fənnini tədris edirəm.
Sizi uğurlu edən keyfiyyətiniz hansıdır? Bu keyfiyyətinizlə hansı uğura imza atmısız?
– Uğur heç bir şəkildə təsadüflə olmur. Yalnız, yorulmadan işləyərək buna nail olmaq ola bilər. Buna görə də, mən öz işimə həmişə məsuliyyətlə yanaşıb, daim axtarışda olub çalışmışam. Hesab edirəm ki, bir sahədə fokuslanmaq və konkret hədəflər işləmək bizi uğura daha da yaxınlaşdıra bilir. Bu çalışqanlığımın mükafatı olaraq hal-hazırda Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Odlar Yurdu Universiteti Təşkilatının Təlimçisiyəm. DİM elmi seminarlar şurasının üzvü və ekspertiyəm. Azərbaycan Maarifçilər Assosiasiyasının təhsil səfiri və “Yaradıcı müəllim” müsabiqəsinin qalibi, çalışdığım məktəbdə Metodbirləşmə sədriyəm.
Sizin ilk dərs günü ilə indi keçdiyiniz dərs arasındakı əsas fərq nədir? Bu illər ərzində hansı bacarıqlarınız inkişaf edib?
– Əlbətdə, fərq çoxdur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. İlk dərs günü sinif otağına daxil olanda həyəcanlı idim, amma illər keçdikcə topladığım təcrübələr nəticəsində həyəcan yox oldu. Artıq, əsl natiq kimi auditoriyanı ələ almaq bacarığına malikəm.
Sizə görə müasir müəllimin bilməli olduğu 3 əsas bacarıq hansıdır?
– Psixologiya, çünki o, müəllimə hər zaman lazım olur. Müəllim şagirdlərlə təmasda olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. Pedaqogika sahəsi isə müəllimin ən yaxın dostu olmalıdır. Bu sahəni bilməyən müəllim şagirdlərə zəngin bilik vermək qabiliyyətində ola bilməz. İdarəedicilik və təşkilatçılıq bacarıqları da müəllim üçün vacib, zəruri şərtlərdən biridir. Çünki, dərsdə sinfi idarə eləmək müəllimin üzərinə düşdüyündən bu sahədə biliyi olan müəllim sinfi rahatlıqla idarə edə bilir.
Sizin pedaqoji fəaliyyətinizdə tətbiq etdiyiniz fərqli metodlar hansıdır?
– İnteraktiv təlim metodları, hansı ki, bu metodlar şagird yönümlü olur. Onları bir şəxsiyyət kimi yetişdirir. Onların təfəkkürünü, yaradıcılıq bacarığını artırır.
“Təhsil Səfiri” olaraq bugünkü təhsilimizdə nələri dəyişmək istərdiniz?
– Ölkəmizdə daha təkmilləşdirilmiş imtahan sistemi görmək istərdim.
“Təhsil Səfiri” olaraq ölkə təhsilinə hansı töhvələri verməyi düşünürsüz?
– Əgər, hər bir müəllim öz üzərinə düşən vəzifə borcunu layiqincə, vicdanla, dürüstcə yerinə yetirərsə elm sahəsində qarşımıza qoyduğumuz hər bir məqsədə nail ola bilərik.
Nəyi yaxşı bacarırsınız?
– İnsanlarda güvən yaradıb, səmimiyyətim və dürüstlüyümlə özümü sevdirib bütün toplunu arxamca aparmaq bacarığına malikəm. Hər dəfə yeni ideyalarla, yeni dərs metodları ilə hər kəsi təəccübləndirə bilirəm.
Ömrünüzün sonuna qədər həyata keçirmək istədiyiniz 3 əsas hədəfiniz nədir?
– Dövlətimiz, xalqımız üçün əsl vətənpərvər şəxsiyyətlər yetişdirmək, təhsil sahəsində özüməməxsus yeni ideyalar, layihələrlə yeni uğurlara imza atmaq, şagirdlərin, müəllimlərin, valideynlərin mənə göstərdiyi etimadı və sevgini doğrultmaq.
Sizin həyat deviziniz:
Yaşamaq yanmaqdır, yanasan gərək
Həyatın mənası yalnız bundadır.
Şam yanmırsa, yaşamır demək
Onun da yaşamağı, yanmağındadır.