İngilis psixoanalisti Fairbainin dediyi kimi mübahisə edib, həm də ruhi sağlamlığı qorumaq heç də həmişə asan deyil.
Adətən valideynlər arasındakı münaqişələrdə ən çox əziyyət çəkən uşaqlardır. Mütəxəssislərin bildirdiyinə görə, ata-ana arasındakı çəkişmələrdə uşağın vəziyyətinə dair ümumilikdə iki yanaşma var: birinci yanaşmaya görə, evin içərisində və uşağın gözü qarşısında baş verən münaqişələr uşaq üçün travmatikdir. Məhz bu səbəbdən uşaq yanında münaqişədən, mübahisə etməkdən çəkinmək lazımdır. Belə ki, mübahisələrə şahid olan uşağın yaşadığı hisslər onun şəxsiyyətinə və gələcəkdəki münasibətlərinə neqativ yönümdə təsir edir.
Digər yanaşmaya görə isə böyüklərin mübahisələrinə şahid olan uşaq bu münaqişələrin həyatın bir hissəsi olduğunu öyrənər və barışıqla nəticələnən bir mübahisədən dəyərli bir həyat dərsi alar. Gələcək həyatında gərginlik yaşayan vaxtlarda tez həyacanlanan və narahatlıq keçirən bir şəxsiyyət inkişaf etməz və münaqişəni təbii bir hadisə kimi qəbul edər.
Əslində bu iki nöqteyi-nəzər bir-birinə heç də əks deyil. Əksinə, hər ikisi bir-birinin tamamlayıcısıdır. Hər münasibətin öz gerçəkliyi daxilində arabir bu anlayışlardan biri digərinə nisbətən daha funksional və ya zərərverici ola bilir. Ata-anaların münasibətlərini başa düşmək üçün ilk növbədə keçişə baxmaq lazımdır. Evlənmə qərarı almış şəxslərin münasibətlərinin möhkəmliyi sonrakı həyatlarında da vacib təsirə malikdir. Evliliyin insan həyatındakı dəstəkləyici və müsbət xüsusiyyətlərindən başqa, öz təbiətindən qaynaqlanan bəzi çətinlikləri də var. Bu çətinliklər tərəflərarası münasibətlər sistemində yaşanmaqla bərabər, daha rəsmi qeydiyyatlı bir münasibət olan evlilikdə özünəməxsus formada daha qabarıq üzə çıxır. İnsanların həyat döngələri olduğu kimi münasibətlərin də həyat döngələri var. Evli olmaqdan ailə olmağa keçid qadın və kişi üçün həyat döngəsində vacib mərhələdir. Ər-arvadın uşaq sahibi olaraq ailə olmağa keçidi eyni zamanda evlilik münasibətləri ilə necə əlaqə qurduqları ilə sıx bağlıdır. Uşaq sahibi olmağa qərar vermək münasibətin fərdi olaraq necə yaşanıldığı və qavranıldığı ilə əlaqədardır. Hamiləliyin ixtiyari olması və ya olmaması, münasibət daxilində anadan olacaq uşağa və yoldaşa necə yer verildiyi, daha sonrakı münasibət ailə böhranlarında vacib bir yer tutur. Adətən mübahisələr psixoloji auranı ağırlaşdırır. Bəzi hallarda emosional və ya fiziki şiddət belə tətbiq olunur. Bəzən bu mübahisələr keçici ayrılıqlara gətirib çıxara və tərəflərdən biri evi tərk edə bilər. Bəs valideynlər arasında olan mübahisələr zamanı uşaqlar hansı hissləri yaşayır? Mütəxəssislərin bildirdiyinə görə, bu qorxu, narahatlıq, əlacsızlıq, nifrət, qəzəb hissləridir. Fiziki şiddət, yüksəlmiş səs tonu və gərginlik mühitində uşaq ilk olaraq qorxunu yaşayır. Körpə başa düşə bilmədiyi səbəblərdən ötrü ata-anasının bir-biri ilə mübahisə etmələrinə görə özünün və ya valideynlərinin zərər çəkəcəklərindən qorxur. Mübahisə zamanı qulaqlarını tutar, qışqırar, yataqdadırsa yorğanın altına girib ağlaya bilər. Əgər səsini eşitdirə bilsə, qorxduğunu və mübahisə etməmələrini söyləyə bilər.
Uşaqda narahatlıq hissi isə qeyri-ixtiyari, şüursuz bir prossesdə ifadə oluna bilər. Uşağın məktəb həyatında, dostluq münasibətlərində problemlər üzə çıxar. Məktəb dostları ilə tez-tez mübahisələr edər, kənardan sakitliyi pozan bir təsəvvür yaradar, diqqəti yayınar, dərslərinə maraq və uğurları azalar. Yuxu rejimi pozular, gecə qorxuları artar, öz otağında yatan uşaq ata-anası ilə yatmaq istəyə bilər. Bu davranışları ilə uşaq qapalı şəkildə ata-anasının mübahisələrinin qarşısını almağa cəhd edər. Bu davranışların əsasında duran əsl narahatlıq isə uşağın özünün varlığı ilə bağlı narahatlıqdır.
Uşaqlar həyatlarını davam etdirmək üçün böyüklərə möhtac olduqlarını bilirlər. Bu şüursuz bir bilim halıdır və təkcə maddi bir həyat narahatlığı deyil. Uşaqlar yaşamaq üçün fiziki qayğı qədər sevgi, ünsiyyət, mənəvi olaraq qorunmağa ehtiyac duyurlar. Ata-ananın davamlı münaqişələrinin uşaqda şüursuz olaraq xəbərdarlıq etdiyi ilk narahatlıq həyat-ölüm narahatlığıdır. Uşaq yuxarıda saydığımız davranışlarla ata-anasını münaqişələrini nəzarət altına almağa çalışaraq əslində öz varlığını qorumağa çalışır.
Belə ki, son zamanlar gərginlik yaşanan ailələrdə uşaqlar arasında intihara cəhd halları artıb.Bunlar əsasən valideynləri boşanan və ya ayrılmaq ərəfəsində olan uşaqlardır. Bu uşaqlar bundan sonrakı həyatlarını necə olacağını bilmir və buna görə narahatlıq keçirirlər.. Valideynlər bu hallara qarşı cox diqqətli olmalıdırlar.Bizim gələcəyimiz olan uşaqları qorumaq borcumuzdur!
Psixoloq Fəridə Mahmudova
Azərbaycan Respublikası, Ağstafa rayonu A.Abdullayev adına 2 nömrəli məktəb