“Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsinin Balakəndə 3-cü sessiyası keçirildi
11 iyun tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsinin Balakən rayon Gənclər Evində 3-cü sessiyası keçirildi.
Üçüncü sessiyanın əsas mövzuları ailədaxili gender əsaslı zorakılıq və onun qarşısının alınması, ailə psixologiyası, valideynlərin ata və ana olmamışdan öncəki və sonrakı psixoloji vəziyyəti, valideyn övlad münasibətlərində psixoloji məqamlar oldu. Psixoloq Emin bəy iştirakçıların suallarını cavablandırdı.
Layihə müddətində gənc ataların və ata olmağa hazırlaşan şəxslərin gender bərabərliyinin təmin olunmasında ataların rolunun əhəmiyyəti, gənc ata və ata olmağa hazırlaşan şəxslərin maarifləndirilməsi yolu ilə gender əsaslı cins seçimi və digər zərərli təcrübələrlə mübarizə, məsuliyyətli atalığın düzgün aşılanmasını təmin etmək üçün təlim metodologiyalarının hazırlanması üzrə bilik, bacarıq və məlumatlılığının artırılması məqsədilə seminarlar keçiriləcək.
Balakən rayonunda növbəti seminar 18 iyun saat 10:00-da Balakən Gənclər Evində keçiriləcəkdir.
“Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Maarifçilər Assosiasiyası tərəfindən icra olunur.