“Təhsil Könüllüləri” Tələbə İnkişaf Proqramının bir qrup aktiv üzvü 11-17 fevral tarixlərində İstanbulda keçirilən “Different Words – Common Feelings” ( “Fərqli sözlər – Eyni Hisslər” ) adlı “Erasmus+” beynəlxalq tələbə mübadilə proqramında iştirak ediblər.
Azərbaycan Dillər Universiteti,
Azərbaycan Memarlıq və İnşaat Univeristeti, Azərbaycan Texniki Univeristeti və Azərbaycan Milli Aviasiya Akademiyasından olan gənclərimiz Türkiyə, Çex Respublikası, Bolqarıstan, Macarıstandan olan həmyaşıdları ilə bir həftə ərzində müxtəlif təlim və dərnəklərdə iştirak ediblər. Gənclərimiz mübadilə proqramı ərzində ebru sənəti, qədim türk oxçuluq sənəti, türk milli rəqsləri, müxtəlif ölkələrin milli oyunlarını öyrənmək və türk milli yeməklərini hazırlamağı öyrəniblər. Proqram çərçivəsində İstanbulun tarixi yerlərinə də səfərlər təşkil edilib. Ümumilikdə 6 ölkədən 30 nəfər gəncin iştirak etdiyi mübadilə proqramının sonunda iştirakçılara Avropa İttifaqının “Erasmus+” proqramından sertifikat verilib. Proqramın ikinci hissəsi iyun ayında Çex Respublikasında keçiriləcəkdir. Layihənin məqsədi gəncləri müxtəlif mədəniyyətlərlə tanış etmək, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə şəbəkələşmə, təcrübə və fikir mübadiləsi aparmaq üçün imkan yaratmaqdır.
Tədbirdən olan şəkillərə BURADAN baxa bilərsiniz.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Maarifçilər Assosiasiyası 2020-ci ildə bir qrup təhsil işçisinin təşəbbüsü ilə yaranıb. Hazırda AMA-ya ölkənin bütün şəhər və rayonlarından ümumilikdə 12000 nəfərdən çox maarifçi qoşulub. Sevgi ilə maarifləndiririk deyərək çıxdığımız yolda nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik. Təşkilatda “Təhsil Könüllüləri” Tələbə İnkişaf Proqramı ilə yanaşı, “AKİN- Akademik İnkişaf” Müəllim İnkişaf Proqramı, “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi və digər proqramlar aktiv şəkildə fəaliyyət göstərir. Məqsədimiz təşkilatımıza üzv olan maarifçilər üçün yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçi adına olan hörmət və diqqəti ən yüksək həddə qaldırmaqdır.