BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb.
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər bir yaş mərhələsində belə bir hüquqa malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə işçilər, sahibkarlar, mentorlar, ailə başçıları və siyasi liderlər ola bilmək üçün öz potensiallarını həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər.
Hazırda dünyada 1 milyarda qədər gənc yaşayır ki, onlardan da 600 milyonu yetkinlik yaşında olan qızlardır. Onlar gələcəyimizin qurulmasında böyük potensiala malikdir. Lakin, təəssüf ki, dünyanın bir çox yerlərində hər gün diskriminasiyaya və ayrı-seçkiliyə məruz qalırlar. Qızların gücləndirilməsi üçün qoyulan investisiyalar (sosial, iqtisadi və siyasi) bu günki hüquqlarını təmin edir və bəşəriyyətin bu gözəl yarısı iqlim dəyişikliyinin aradan qaldırılması, siyasi münaqişələrin həll edilməsi, iqtisadi artımın təmin edilməsi, xəstəliklərin qarşısının alınması və davamlı inkişafa nail olunması üçün bərabər tərəfdaşdır. Belə olduğu təqdirdə ədalətli və daha firavan gələcəyi vəd edir.
Son 15 ildə dünya ictimaiyyəti qızların həyatının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etmişdir. Lakin müasir dövrümüzdə hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına və davam etdirməsinə bir cox maneələr olur, bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, hamiləlik, gender əsaslı zorakılıq (məhz qız olduğu üçün) və əsasən də cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı köhnəlmiş adət-ənənələr, stereotiplərdir.
Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq, xüsusilə qızlarla bağlı məsələlərə dövlət tərəfindən həmişə diqqət yetirilir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində, uşaqların yüksək təlim-tərbiyə alması üçün ölkədə hər şərait yaradılmışdır.