Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsinin Balakən rayon Gənclər Evində açılışı keçirilib.
Layihə çərçivəsində ölkənin 10 regionunda (Bakı, Balakən, Gəncə, Mingəçevir, Tovuz, Ağdam, Lənkəran, Biləsuvar, Saatlı və Şirvan) baş tutacaq görüşlərin əsas məqsədi gənc ataları və ata olmağa hazırlaşan şəxsləri övladlarının inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə oturuşmuş gender-əsaslı stereotipik davranış normalarının dəyişdirilməsinə töhfə verməkdən ibarətdir.
Layihə müddətində gənc ataların və ata olmağa hazırlaşan şəxslərin gender bərabərliyinin təmin olunmasında ataların rolunun əhəmiyyəti, gənc ata və ata olmağa hazırlaşan şəxslərin maarifləndirilməsi yolu ilə gender əsaslı cins seçimi və digər zərərli təcrübələrlə mübarizə, məsuliyyətli atalığın düzgün aşılanmasını təmin etmək üçün təlim metodologiyalarının hazırlanması üzrə bilik, bacarıq və məlumatlılığının artırılması məqsədilə seminarlar keçiriləcək.
Hər region üzrə 5 həftə olmaqla ümumilikdə altı ay ərzində atalar məktəblərində keçiriləcək seminarlar ailə planlanmasının sağlam cəmiyyətin formalaşdırılmasındakı rolu, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinə əsaslanan dəyərlər, qız övladının dəyərinin təşviqi yolu ilə ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması, uşaqlara qulluq və qayğı, eləcə də digər məişət öhdəliklərinin kişi və qadın arasında bərabər bölgüsü, ataların icmaları daxilində şəbəkələşməsinin əhəmiyyəti kimi mövzuları əhatə edəcək.
“Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Maarifçilər Assosiasiyası tərəfindən icra olunur.