Özünüzü 1 cümlə ilə təqdim edin. Siz kimsiniz?
-Bayramova Mətanət Rafiq qızı. Cəbrayıl rayonu Çullu kənd Mahmud Allahverdiyev adına tam orta məktəbin direktoruyam. 23 ildir ki Azərbaycan dili və Ədəbiyyat müəllimi olaraq çalışıram.
Sizi uğurlu edən keyfiyyətiniz hansıdır? Bu keyfiyyətinizlə hansı uğura imza atmısız?
-Məqsədə çatmaq üçün güclü iradə , inkişaf yönümlü düşüncə tərzi , daxili motivasiya , vaxtdan səmərəli istifadə etmək , əzmlə çalışmaq əsas şərtdir. Bunun üçün nəyi və necə etməyi düzgün bilmək lazımdır. Düzgün fikirlər bizə uğur qazandıracaqdır.
Məni uğurlu edən məhz bu müsbət keyfiyyətlərə malik olmağımdır. Bu keyfiyyətlərimlə ümumtəhsil müəssisəsində Uşaq Birliyi Rəhbəri, Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı müavin, Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışam. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi imtahanlarda iştirak edərək uğur qazanmışam. İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsinin qalibiyəm. Ən böyük uğurum direktor vəzifəsinə təyinat almağımdır.
Sizin ilk dərs günü ilə indi keçdiyiniz dərs arasındakı əsas fərq nədir? Bu illər ərzində hansı
bacarıqlarınız inkişaf edib?
-Fərq çoxdur. Düzdür mən bitirdiyim məktəbdə pedoqoji fəaliyyətə başlamışam. Atam da məktəbin direktoru olub kolletiv mənə yad deyildi. Lakin, şagirdlərin qarşısında müəllim kimi çıxmaq çox həyacanlı idi. İllər keçdikcə bu həyacan keçdi, özümü təkmilləşdirməyə başladım, yeni-yeni billiklər əldə etdim, əminliklə deyə bilərəm ki, şagirdlərimin sevgisini qazanmışam.
Sizə görə müasir müəllimin bilməli olduğu 3 əsas bacarıq hansıdır?
-İlk növbədə vətənpərvər şəxsiyyət yetişdirməlidir, bütün yeniliklərə açıq olmalıdır, ən əsası öz peşəsini sevməlidir.
Sizin pedaqoji fəaliyyətinizdə tətbiq etdiyiniz fərqli metodlar hansıdır?
-Şagirdləri diqqətini, öyrənmə maraqlarını inkişaf etdirmək məqsədi ilə onların motivasiyaya yönəldirəm və “bacarıqsızlıq” və “çatışmazlıq” fikirlərini dağıtmağa çalışıram.
“Təhsil Səfiri” olaraq bugünkü təhsilimizdə nələri dəyişmək istərdiniz?
-Təhsilimizdə aparılan islahatlara istinadən deyə bilərəm ki, heç nəyi dəyişmək istəmərəm.
“Təhsil Səfiri” olaraq ölkə təhsilinə hansı töhvələri verməyi düşünürsüz?
-Cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirən, peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutan, şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdıran müəllim ordusu yetişdirmək.
Nəyi yaxşı bacarırsınız?
-Problemlərin həlli, idarəetmə, güvən yaratmaq, ruhlandırıcı və motivasiyaedici mühit yaratmaq, tədris və mentorluq bacarıqlarına malikəm.
Ömrünüzün sonuna qədər həyata keçirmək istədiyiniz 3 əsas hədəfiniz nədir?
-Direktor kimi yeni təyinat aldığım məktəbdə pedaqoji kollektivin potensialından maksimum istifadə etməklə təlim-tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə nail olmaq, yeni-yeni uğurlara imza atmaq, təhsillə bağlı layihələrdə iştirak etmək.
Sizin həyat deviziniz:
-Həyat mübarizədir. Mübariz olmaq!!!