Azərbaycan Maarifçilər Assosisasiyasının bir qrup aktiv üzvü 23-24 dekabr tarixlərində “Təhsil Səfəri” proqramı çərçivəsində təhsildə təcrübə mübadiləsi məqsədi ilə Lənkəran şəhəri və Biləsuvar rayonunun qonağı olublar.
Assosiasiyanın müxtəlif universitet və məktəbləri təmsil edən maarifçi-müəllimlər öncə Lənkəran rayon Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəb ilə tanış olublar. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirə lövhəsi önündə bir dəqiqəlik sükutdan sonra təşkilatın rəhbəri Tofiq Sadıxov təşkilat haqqında və səfərin məqsədi haqqında məlumat verib. Sonra məktəb direktoru Araz Babayev məktəbin tarixi və keçdiyi yol haqqında iştirakçıları məlumatlandırıb. Ardından proqram iştirakçıları məktəbin “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi, “Steam” layihəsi və “Peşə təmayüllü siniflər” layihəsinin şagirdlərinin hazırladıqları kiçik təqdimatları izləyiblər. Görüş məktəb kollektivinin iştirakçılar üçün hazırladığı maraqlı, əyləncəli intellektual oyun ilə bitib.
Daha sonra proqram iştirakçıları Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin “Peşə təmayüllü sinifləri” ilə tanış olublar. Səfərin birinci günü Mədəniyyət Mərkəzində “Nənələr” folklor qrupu ilə görüş, iki dəfə Sovet İttifaqı qəhrəmanı General-mayor Həzi Aslanovun ev muzeyinə səfər və çay plantasiyalarına ekskursiya ilə davam edib.
Proqramın ikinci günü iştirakçılar Xanbulan su anbarına ekskursiya ediblər. Ardından isə Milli qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinə səfər ediblər. Proqram iştirakçıları təhsil kompleksi ilə yaxından tanış olub, liseydə tətbiq olunan təhsil yenilikləri haqqında ətraflı məlumat əldə ediblər. Eyni zamanda liseyin müəllim heyəti ilə tanış olub gələcəkdə birdə layihələr icra etməyi müzakirə ediblər.
Daha sonra iştirakçılar Milli qəhrəman Mübariz İbrahimovun doğulub boya-başa çatdığı evi ziyarət ediblər. Milli qəhrəmanımızın atası Ağakərim İbrahimov iştirakçılara qəhrəmanın həyatı və vətən sevgisi haqqında danışıb və maarifçi müəllimlərimizin Mübariz İbrahimov ilə bağlı suallarını cavablandırıb.
“Təhsil Səfəri” proqramının məqsədi ölkədaxilində maarifçi-müəllimlərin bir-biri ilə daha yaxından tanış olub tədris prosesi və təhsildəki yenilikləri müzakirə etmələri, fikir və təcrübə mübadiləsi aparmaqları üçün imkan yaratmaqdır.
Azərbaycan Maarifçilər Assosiasiyası bu səfərə 30 maarifçi-müəllim ilə qatılmışdı. Proqram iştirakçıları Bakı, Sumqayıt, Abşeron, Şamaxı, Kəlbəcər və Mingəçevirdən olan məktəb direktorları, dərs hissə müdirləri, məktəb və universitet müəllimləri idi. İştirakçılar arasında Bakı Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti müəllimləri da vardı. Məlumat üçün qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyası 2020-ci ildə bir qrup təhsil işçisinin təşəbbüsü ilə yaranıb. Hazırda AMA-ya ölkənin bütün şəhər və rayonlarından ümumilikdə 11.000-dən çox maarifçi qoşulub.
Sevgi ilə maarifləndiririk deyərək çıxdığımız yolda nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik. Məqsədimiz ölkəmizin maarifçi-müəllimləri üçün yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri təşkil etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçisi adına olan hörmət və diqqəti ən yüksək səviyyəyə qaldırmaqdır.
Səfərdən olan görüntüləri buradan əldə edə bilərsiniz: FOTO | VİDEO