Özünüzü 1 cümlə ilə təqdim edin. Siz kimsiniz?
– Baloğlanova Fidan : Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vll qrant “Kiçik Yazarlar” layihəsinin qalibi, Azərbaycan Maarifçilər Assosiyasiyasının “Təhsil Səfiri”. Eyni zamanda Azərbaycan Gənc Müəllimlər Assosiyasının Şirvan üzrə kordinatoru, Lütfi Zadə mərkəzinin məntiq müəllimi. Bitib tükənməyən enerji, gələcəyə ümidli, şagirdlərini sevən, iddialı, hədəflədiyi məqsədə pillə – pillə çatan ibtidai sinif müəllimi. Müəllim adını şərəf və ləyaqətlə təmsil edən təhsil fədaisi.
Sizi uğurlu edən keyfiyyətiniz hansıdır? Bu keyfiyyətinizlə hansı uğura imza atmısız?
– İlk öncə qeyd edim ki, hər kəsin həyatda çatmaq istədiyi məqamlar var. Lakin çıxdığımız yol hər zaman gülllük – gülüstanlıq deyil. Əlbəttə tikanlı yollarımız da olacaq. Mən bu gün hər hansı bir uğuru asanlıqla əldə etməmişəm. Səbrim, həvəsim, prinsiplərim və ən əsası hədəflədiyim məqsədlərimdir məni uğura aparan əsas keyfiyyət.
Sizin ilk dərs günü ilə indi keçdiyiniz dərs arasındakı əsas fərq nədir? Bu illər ərzində hansı bacarıqlarınız inkişaf edib?
– İlk iş günüm Salyan rayon Peyk kənd tam orta məktəbdə olub. Və çox maraqlı idi. O sevgi və kollektivin xoş münasibəti hər zaman yaddaşımda qalacaq. Ordan ayrılmaq məcburiyyətində qalsam da , yoluma davam etdim. Və bu gün müqayisə olunsa çox böyük fərq olduğunu gözlə görmək mümkündür. İllər keçdikcə insan olaraq və müəllim olaraq çox şey öyrəndim.
Sizə görə müasir müəllimin bilməli olduğu 3 əsas bacarıq hansıdır?
– Bu gün təhsildə müəllimin bilməli olduğu əsas bacarıqlar düzgün nitq, İKT, ünsiyyət, idarəçilik, şagirdlə əks əlaqə qurmağı bacarmaqdır. Hər bir müəllim eyni zamanda psixoloq da olmalıdır. Şagirdini yaxşı tanıyan müəllim problemli vəziyyəti şagird demədən anlamalı və müdaxilə edib aradan qaldırmalıdır.
Sizin pedaqoji fəaliyyətinizdə tətbiq etdiyiniz fərqli metodlar hansıdır?
– Valideynlər bir şagird üçün çalışırsa, müəllimlər bütün sinif üçün can qoyur. Bunu həmkarlarım da təstiq edər. Dərsləri oyun üzərində qurmaqla əylənərək öyrənirik. Belə olduqda şagirdlər yorulduğunu hiss etmirlər. İbtidai sinif şagirdləri ailə ilə daha çox vaxt keçirdikləri üçün sinif ortamı onlara sıxıcı gəlməsin deyə dərsləri elektron qaydada keçirəm. Görərək öyrənək prinsipi ilə yola çıxmışıq. Əylənirik, öyrənirik, birlikdə kəşflər edirik.
“Təhsil Səfiri” olaraq bugünkü təhsilimizdə nələri dəyişmək istərdiniz?
– “Təhsil Səfiri” adını daşımaq özü böyük bir qürur və məsuliyyətdir. Bu gün biz Təhsil Səfiri olaraq seçilmişiksə, əlbəttə məsuliyyətimizi dərk edirik. Hər sahədə problemlər çoxdur. Təhsil sahəsində də olması normaldır. Problemlərdən birini də mən qeyd edim.
Ali təhsil müəssələrinə qəbul olmaq üçün işləyən müəllimlərə güzəşt olunmalı, qiyabi təhsil aktivləşdirilməlidir. Əgər biz dünya təhsilinə inteqrasiya ediriksə, bu problemi də nəzərə almalıyıq. Əgər bir müəllim özünü, təhsilini inkişaf etdirmək istəyirsə, bunu necə etməlidir? Təhsil sisteminin ən böyük problemlərindən biri hesab oluna bilər.
“Təhsil Səfiri” olaraq ölkə təhsilinə hansı töhvələri verməyi düşünürsüz?
– Hər kəs məsuliyyətini dərk etməlidir ki, yaxşı nəticə ərsəyə gətirsin. Bunun üçün müəllim həm öz sahəsini dərindən bilməli, eyni zamanda inkişafa açıq olmalıdır. “Təhsil Səfiri” olaraq düşünürəm ki, gənc müəllimlərə motivasiya olmuşam. Bacardığım qədər istənilən mövzuda da köməklik göstərirəm. Səfir olmaq bunu tələb edir deyə düşünürəm. ?
Nəyi yaxşı bacarırsınız?
– Ünsiyyətcil olmağım istənilən vəziyyətdə çox insanı tanımağıma kömək edir. Auditoriya qarşısında çıxış ederkən fikirlərimi sərbəst şəkildə ifadə edə bilirəm və dinləyənləri də inandığım doğrulara inandıra bilirəm. İdarəçilik, təşkilatçılıq, yaradıcılıq bacarıqlarım da var.
Ömrünüzün sonuna qədər həyata keçirmək istədiyiniz 3 əsas hədəfiniz nədir?
– Təhsilimi davam etdirmək, yaşadığım şəhərdə oxçuluq və atçılıq mərkəzləri yaratmaq , bütün bölgələrdə və ucqar kəndlərdə kəsintisiz işləyən şəbəkə yaratmaq. Ən ucqar kənddə belə məktəb olmasa da internet vasitəsi ilə dərslərin əlçatan olmasına şərait yaratmaq.
Sizin həyat deviziniz:
– Nəfəs aldığın müddətdə hər şeyin çarəsi vardır. Mənzərən pisdirsə, baxış bucağını dəyiş, ya da yerini.